Afrikada girovluqda qalan azərbaycanlı dənizçilərin borcları bağlanıb – FOTO – VİDEO

Türkiyə vətəndaşları Vedat Yüksel, Raqib Karadeniz və azərbaycanlı Rasim Əliyev tərəfindən ilin sonunda iş təklifi ilə aldadılaraq öncə Türkiyəyə, oradan da Mavritaniyaya aparılan dörd dənizçi şikayətlə Pressklub TV-yə müraciət etmişdi.

Aprelin 26-da kapitan Rövşən Abdullayev əməkdaşımıza açıqlamasında bildirmişdi ki, vasitəçi Rasim Əliyev tərəfindən ötən ilin sonunda ona, baş mexanik Mikayıl Mikayılova, kapitan köməkçiləri Arif Əsgərova və Fərəc Əliyevə Nuadibu şəhərində balıqçı gəmisində işləmək təklif olunub. Dəqiq məlumat aldıqdan sonra dənizçilər vasitəçi şəxs Rasim Əliyevə işləməyə razı olduqlarını bildiriblər. Daha sonra kapitan Rövşən Abdullayevlə baş mexanik Mikayıl Mikayılova elektron aviabilet alınıb. Onlar 2020-ci il yanvarın 4-də İstanbula uçublar. Türkiyədə onları balıqçılıq şirkətinin nümayəndələri Rasim Əliyev, Vedat Yüksel və Raqib Karadeniz qarşılayıb.

 

Təlimat aldıqdan sonra Rövşən Abdullayev və Mikayıl Mikayılov təhvil-təslim işləri üçün yanvarın 7-də gəminin keçmiş kapitanı Hamza adlı şəxslə birlikdə Mavritaniyanın paytaxtı Nuakşot şəhərinə uçub. Yola düşməzdən öncə kapitan işlə bağlı müqavilə tələb edəndə, bildirilib ki, razılaşma sənədi onlara Mavritaniyada təqdim olunacaq. Daha sonra kapitana viza üçün 250 ABŞ dolları və “Aktaşlar C” gəmisinin kiralanmağına dair fransız dilinə tərcümə edilmiş müqavilə verilib.

Dənizçilər Nuakşot hava limanından birbaşa balıqçılıq mərkəzi hesab olunan Nuadibu şəhərinə yollanıblar. Kapitan Rövşən Abdullayevin sözlərinə görə, yanvarın 11-də gəmiyə baxış keçirən zaman su nəqliyyat maşınının məişət şəraitinin bərbad, texniki vəziyyətinin nasaz olduğunu görüb.

Balıqçı şirkətinin nümayəndələri isə bildirib ki, yanvarın 13-də Nuadibuya gələcək dənizçilər Arif Əsgərovla Fərəc Əliyev vasitəsilə 10-20 min ABŞ dolları göndərəcəklər. Lakin əvəzində cəmi 360 dollar yollayıblar.

Bir neçə gün öncəyə qədər qaldıqları otelə və yaxınlıqdakı kafeyə dörd min dollara yaxın borcları toplanan azərbaycanlı dənizçilər ciddi problemlərlə üzləşməli olublar. Hətta onların pasportları otel sahibi tərəfinən əllərindən alınaraq, mənəvi təzyiqlərə məruz qalıblar. Balıqçı şirkətinin nümayəndələri əvvəlcə dənizçilərə borclarını ödəyəcklərini vəd etsələr də, sonradan mobil telefonlarını söndürüblər.

Bundan sonra dənizçilər Azərbaycanın Mərakeş Krallığındakı səfiri Oktay Qurbanova, Azərbaycan Dənizçiləri İctimai Birliyinin sədri Ilham Nəsirova müraciət ediblər.

Azərbaycanlı dənizçilərin işlə təmin edilməsində vasitəçilik edən Rasim Əliyev əməkdaşımıza bildirib ki, Vedat Yüksel və Raqib Karadeniz iki-üç gün ərzində onları oteldən çıxaracaqlarına dair söz verib.

Azərbaycan Dənizçilər İctimai Birliyinin sədri İlham Nəsirov dənizçilərə maddi dəstək məqsədilə edilən çağırışın müsbət nəticəsinin olduğunu söyləyib. Bildirib ki, maliyyə yardımı əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev tərəfindən edilib. Əlavə edib ki, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun köməkliyi ilə Azərbaycanın Türkiyə və Mərakeş Krallığında olan səfirliklərinə müraciət olunub. Həmyerlilərimizin tezliklə Mavritaniyadan Ankaraya, ya da İstanbula oradan isə Vətənə gətirilməsi istiqamətində işlər aparılır.

“Artıq dənizçilərimizin nə otelə, nə də ki, kafeyə borcları yoxdur. Pasportları da öz əllərindədir”, – İlham Nəsirov deyib.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Pressklub TV-yə açıqlamasında bildirib ki, məsələ ilə bağlı onlara da müraciər olunub və məsələyə dərhal reaksiya verilib:

“Dənizçilərin gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir”.

Kapitan Rövşən Abdullayev əməkdaşımızla söhbətində otelə və kafeyə olan borclarının bağlanması xəbərini təsdiqləyib. O deyib ki, aprelin 30-da tərəflərindən Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyinə Mavritaniyadan Türkiyəyə qayıtmaqları ilə bağlı iznilə əlaqədar müraciət ediblər:

“Hazırda biz Mavritaniyanın Nuadibu şəhərindəyik. Koronavirusa görə bir şəhərdən digərinə getmək üçün icazə yoxdur. Deyilənə görə, səfirliyin bunu təşkil etmək səlahiyyəti var. Buna görə də aprelin 30-da Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyinə yazılı müraciət etdik ki, Mavritaniyanın Nuadibu şəhərindən paytaxt Nuakşota getməyimizə şərait yaratsınlar. Nuakşotda hava limanına yaxın olmaq istəyirik. Həmçinin səfirlikdən xahiş etdik ki, viza məsələsində də bizə köməklik göstərilsin. Çünki vizalarımızın müddəti artıq bitib. Əsas məsələ, Türkiyə Səfirliyi vasitəsilə ən yaxın təyyarə reysilə oraya uçmaqdır”.

Rövşən Abdullayev söhbət əsnasında onları aldadaraq Mavritaniyaya aparan hər üç şəxs Rasim Əliyev, Vedat Yüksel və Raqib Karadenizin cinayət məsuliyyətinə cəlb edilməsində israrlı olduğunu da bildirib. Söyləyib ki, bununla bağlı aidiyyətli orqanlara rəsmi müraciət olunub.