Bizi virus bəlasından xilas edənlər…

Zığdakı modul tipli xəstəxanada möcüzə yaradan peşəkar həkimlərə minnətdarlıqla 
İndi bütün dünya Covid-19 bəlasından danışır və bu virusun cəngindən qorunmağa çalışır.  İki il əvvəl elə bu payız günlərində Çindən “pərvazlanan” koronovirus 2020-ci ilin fevralında bizim məmləkətə də ayaq açdı. O gün, bu gün, minlərlə həmvətənlərimizlə birgə hər zaman səksəkədə yaşadıq… Təcrid olunduq, ən önəmli tədbirləri ibtal etdik, ətraf mühitlə ünsiyyəti azaltdıq, əlaqələri minimuma endirdik. Nə qədər önləyici addımlar atsaq da, qaydalara tam əməl etməyə çalışsaq da  olmadı, bəla bizdən yan keçmədi. Füzuli babamız demişkən: mən istərəm bəlanı, çün istər bəla məni!
Bu mərəz bizim də evə girdi. Uşaqların atası, nəvələrimin babası ilə mən,  bu xəstəliyi, əvvəl-əvvəl, ciddiyə almadıq, yəni bir növ, özümüzü bu xəstəliyin prosesində gümrah tutduq, yaxına buraxmaq, qəbul etmək istəmədik. Lakin biz “kovidi” deyil, özümüzü aldatdıq və xəstəliyin ikinci həftəsində, ilkin müalicəni evdə alsaq da, səhhətimizdə qəfil ağırlaşma baş verdi və xəstəxana şəraiti qaçılmaz oldu..
Kaş ki, bu qərarı bir az ertələyəydik! Bakı, Zığ şosesi, FHN-nin modul tipli xəstəxanası. Oktyabrın 27-də biz artıq bu şəfa ocağında idik. Və buraya gəldiyimiz  günün təlaşını, həyəcanını, dəhşətini yadıma salıram: 27-si səhər açılar-açılmaz bu məkanda keçirdiyimiz hisslərin sırasında, ayağımızı yerdən üzən  daha bir hissin – hər cür çabalara son qoyan, həyat uğrunda mücadilədə yorğun düşən kəşfiyyatçı-ölümə getmək  hissini də yaşadıq. Lakin bu hisslər bu xəstəxananın kandarından keçdiyimiz ilk saata kimi davam etdi. Qəbul otağındakı gənc, hətta ilk baxışda çox gənc həkimlərin səriştəli sorğularından tutmuş, 5 – ci korpusun şöbə müdiri, gənc həkim Ülviyyə Nağızadə ilə təmasdan sonra içimizə bir arxayınlıq və sağalmağa inam hissi çökdü. İşi saat kimi qurmuş Ülviyyə xanım və onun çevik həkim komandası bizdə ümid oyatdı. Cavid Mehtiyev, Muraz Əmirov, Taleh Allahverdiyev, Seymur Bağırov, Kəmalə Hüseynova kimi peşəkar həkimlər,  tibb personalından olan Vüsalə, Tünzalə, İlhamə xanım kimi gülərüz tibb bacıları, tibb personalından olan  Rəvan, Vüsal və adlarını unutduğum başqaları qayğıkeş, səmimi münasibətləri ilə bizim kimi sovetdənqalma köhnə adamları, sözün əsl mənasında şoka saldılar…
Onu da deyim ki, xeyli vaxt idi ki, həkimlərə, xəstəxanalara ciddi işimiz düşmürdü və düşünürəm bu səbəbdən onlarla ilk görüşüm, – hətta təəssüf hissi doğurdu və – “bu nədir, lap uşaq bağçasıdır ki” kimi qüsurlu fikir də yürütməkdən çəkinmədim. Ağ saçlı aram-aram yeriyən, sözünü təmkinlə söyləyən “əsl” həkimlər qeybəmi çəkilmişdir? Əcəba, durmadan hərəkət edən , palataları gəzib hər xəstəyə individual üsulla yanaşan, zarafatlarından qalmayan, dəhlizlərdə sürətlə şütüyən bu gənclər mi bizi dünyanın özü boyda olan bəladan qurtaracaq?!… Bu ritorik suallar  cəmi bir, ya iki gün havadan asılı qaldı və demək olar ki, ilk günlərdən bir az şübhə ilə yanaşdığım bu uşaqlar (yəni əslində ciddi və peşəkar həkimlər) məni yaxşı mənada təəccübləndirdilər. Ülviyyə x. və şöbənin digər həkimləri bütün xəstələrə öz doğmaları kimi müraciət edir və böyük həssaslıqla yanaşaraq, onları, düşdükləri kritik vəziyyətdən bacarıqla çıxarırdılar. Ciyərləri 90 faiz zədələnən ömür-gün yoldaşımı da həyata qaytarmağı məhz bu gənc həkimlər bacardılar… Onlara, necə deyərlər, elliklə, hamısına, dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun gənc həkimlər!
FHN-nin Zığdakı Modul tipli bu xəstəxanası məhz kovid xəstələri üçün təsis edilmiş və dünya səviyyəsində istehsal olunan ən yeni növ tibb avadanlıqla təchiz edilmişdir. Nə qədər ümidsiz xəstələrə yeni nəfəs vermişdir bu müasir tibbi cihazlar! Azərbaycan adına qürurlanmağa dəyər. Şəxsən  bizim hala gəldikdə, çox ağır vəziyyətdə buraya gələn yoldaşımda, artıq üçüncü gündən dönüş yaranmağa başladı. Bu bir möcüzə idi desəm, bəlkə də yalan olmaz. Bu sətirləri də hələ xəstəxanada ikən yazıram. Bu gün, sabah çıxırıq inşallah. Cəmi bu bəladan əziyyət çəkənlərə Allahdan şəfa diləyirəm. Zığdakı bu modul tipli xəstəxana, əsl möcüzələr məkanıymış! Bu arada, çətin 24 gün ərzində bizə dəstək olmuş bütün yaxınlara və dostlara minnətdarlığımızı bildirirəm. Əskik olmayasınız!
Sonda, ayrıca minnət borcum olan Ülviyyə xanıma razı-niyazımı bildirməsəm, olmaz vallah! Belə bir yetənəkli xanıma minnətdarlıq etmək də sadə iş deyil, hər halda risq edəcəyəm: Dəyərli həkimimiz, əziz Ülviyyə x.. Sizə bəxtəvərlik, vücud sağlamlığı, bu dünyanın bəxş edə biləcəyi bütün nemətləri və məhəbbət camını diləyir, öz məsum gözəlliyinizlə ətrafınızı  heyrətləndirməyə davam edin, hər gününüzə sevinməyi, əlçatmazlara yetməyi, yaratmaq, sevmək və hər zaman qalib olmanızı arzu edirəm. Hər zaman!
Səkinə Əliyeva
Şair-publisist