Gürcüstanın hakim partiyası Marneuli meri vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüb

Gürcüstanda yerli sakrebulo (bələdiyyə) və mer seçkilərinə hazırlıq davam edir. Artıq “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bütün 64 seçki dairəsi üzrə mer vəzifəsinə namizədlərinin adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, namizədlər arasında azərbaycanlı da var.

Hakim partiya azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi üzrə Marneuli şəhərinin meri vəzifəsinə Kənan Ömərovun namizədliyini irəli sürüb.

Azərbaycanlıların yığcam yaşadıqları Qardabani, Bolnisi, Dmanisi və digər iki rayondan isə azərbaycanlı namizəd yoxdur.

Qeyd edək ki, seçki kampaniyasına avqustun üçündən başlanılacaq.

Gürcüstanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Gürcüstan prezidenti seçkilərə 60 gün qalmış baş nazirin təqdimatına əsasən seçki kampaniyasının başlanldığını elan etməlidir.

Gürcüstanda mer və sakrebul məclisinə seçkilər isə oktyabrın ikisinə təyin edilib.

Tbilisinin mer kürsüsü uğrunda hazırkı mer Kaxa Kaladze və müxalifətin namizədi, “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliyanın mübarizə aparacağı bildirilir.

Nika Meliya artıq Gürcüstan parlamentinin deputatı mandatından imtina edib və seçki kampaniyasına hazırlaşır.