QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

Bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Reendex

Must see news