Toylarda monitorinq zamanı 68 nəfər cərimələnib, 1 nəfər saxlanılıb

Avqustun 4-də Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 267 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən verilən məlumata görə, monitorinq 223 şadlıq sarayında, 44 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
– 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
– 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
– 2122 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.